News Azerbaijani news add news

Eyni tarix eyni tale Həbsə olunan icra başçılar

Xəbər verdiyimiz kimi, Neftçala İcra Hakimiyyətinin başçısı İsmayıl Vəliyev Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən keçirilən əməliyyat nəticəsində saxlanılıb. Onun mütəmadi olaraq vəzifə səlahiyyətlərindən sui-istifadə edib təhsil, səhiyyə və digər yerli dövlət təsisatları rəhbərlərindən müxtəlif adlar altında şəxsən pul vəsaitləri tələb edərək almasına əsaslı şübhələr müəyyən olunub.

"Qafqazinfo"nun məlumatına görə, İsmayıl Vəliyev DTX tərəfindən keçirilən əməliyyat nəticəsində vəzifə başında həbs olunan ikinci icra başçısıdır.

Ötən ilin sonuncu ayında isə Ağstafanın icra başçısı Nizaməddin Quliyev və müavini Ramiz Tatarova qarşı bənzər əməliyyat keçirilmişdi.

Onlar vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, külli miqdarda təkrar rüşvət alma, mənimsəmə və digər faktlara görə Dövlət Təhlükəsizliyi Xidmətində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə başlanılmış cinayət işləri üzrə şübhəli şəxs qismində saxlanılıblar. İstintaqın təqdimatı ilə Səbail Rayon Məhkəməsində sabiq icra başçısı və müavini barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Eyni vaxtda Yevlaxın sabiq icra başçısı Qoca Səmədov da saxlanılıb.

Nizaməddin Quliyevlə eyni maddələrlə ittiham olunan keçmiş icra başçısı barəsində də 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Belə ki, Q.Səmədov dövlət qayğısı olaraq işsiz vətəndaşların ictimai işlərə cəlb edilib aylıq qazanc əldə edə bilmələri üçün dövlət büdcəsi hesabına ayrılan külli miqdarda əmək haqlarını ələ keçirib. Bundan başqa, Yevlax şəhərində “Yaşıllaşdırma və işıqlandırma müəssisəsi”nin fəaliyyətinə və digər abadlıq, təmir-tikinti işlərinə cəlb edildiyi rəsmiləşdirilən 133 nəfər heç bir işə cəlb edilmədən və əmək haqqı almadan, adlarına açılmış əmək haqqı kartları Qoca Səmədovun tabeçiliyində fəaliyyət göstərən şəxslər tərəfindən ətraf rayonlardakı bankomatlarda nağdlaşdırılaraq, Qoca Səmədova şəxsən təqdim edilməklə 236.000 manat dövlət vəsaiti mənimsənilməsinə əsaslı şübhələr müəyyən edilib.

Habelə, 2017-2019-cu illərdə dövlət büdcəsindən ayrılmış vəsaitlər hesabına Yevlax şəhərində abadlıq, təmir-tikinti işlərini həyata keçirmək adı ilə müxtəlif şirkətlərin hesablarına köçürülmüş 616.000 manat vəsait heç bir iş görülmədən Qoca Səmədovun tapşırığı ilə şirkət rəhbərləri tərəfindən nağdlaşdırılaraq ona şəxsən qaytarılmaqla təkrarən mənimsənilib.

Sabiq icra başçılarından söz düşmüşkən, Qobustan rayonunun keçmiş icra başçısı Rafiq Alışov da hazırda həbsdədir.

O, 2016-cı ilin aprelində 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. R.Alışov Cinayət Məcəlləsinin 178-ci (dələduzluq), 320( saxta sənəd) maddələri ittiham verilib. Bu, Alışovun ilk həbsi olmayıb. Belə ki, 1994-2001-ci illərdə Qobustan Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışan R.Alışov 2013-cü ildə də eyni maddə ilə Xəzər Rayon Məhkəməsinin qərarı ilə həbs edilib.

1992-1993-cü illərdə Gədəbəyin icra başçısı olmuş Saleh Rüstəmov da azadlıqdan məhrum edilib.

O, 2018-ci ildə Şəmkirdə saxlanılıb. Rusiya vətəndaşlığını daşıyan S.Rüstəmov barəsində Cinayət Məcəlləsinin 234.4.3-cü (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma, külli miqdarda törədildikdə) cinayət işi başlanıb. Bakı Ağır Cinayətlər Məhkəməsi Saleh Rüstəmovu 7 il 3 ay müddətə azadlıqdan məhrum edib. Daha sonra onun həbs müddəti 2 ay azaldılıb.

Digər həbs həyatı yaşamış icra başçılarından biri də Süleyman Rəşidovdur. O, 1997-ci ildə Mingəçevirin icra başçısı təyin olunub və bir ildən sonra tutduğu vəzifədən kənarlaşdırılıb. Rəşidov 1998-ci ildə icra başçısı vəzifəsindən azad edildikdən sonra barəsində axtarış elan edilib. 2008-ci ilin sentyabrında həbs olunan Rəşidov külli mqidarda dövlət əmlakını talamaqda ittiham edilib. Rəşidov təhsil şöbəsinin müdiri vəzifəsində işlədiyi müddətdə dövlət tərəfindən şəhərdə təhsil ocaqlarına ayrılmış külli miqdarda pulu mənimsəyib. O, 2010-cu ildə 4 il şərti iş alaraq məhkəmə zalından azad edilib.

Sabiq icra başçıları ilə bağlı daha bir maraqlı məqam ondan ibarətdir ki, həm Qoca Səmədov, həm də yeni həbs olunan İsmayıl Vəliyev 2011-ci ildə icra başçısı vəzifəsinə təyin olunublar. Nizaməddin Quliyevlə Süleyman Rəşidovun da taleyi oxşardı. Belə ki, Süleyman Rəşidov kimi, Nizaməddin Quliyev də son vəzifəsinin səfasını 1 ildən çox çəkməyib.


8 months ago
66 visists
Source: xeber.im