News Azerbaijani news add news

“Xarici borcumuz təhdidedici səviyyədə deyil”

“Hazırda Azərbaycanda xarici dövlət borcunun Ümumi Daxili Məhsula olan nisbəti 17 faiz təşkil edir ki, bu da dünyada ən aşağı göstəricilərdən biridir. Borca hökumətin birbaşa öhdəlikləri və dövlət zəmanətilə cəlb edilmiş kreditlər üzrə şərti öhdəliklər daxil edilib”

xeber.im xəbər verir ki , bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı son aylarda Çindən yayılmağa başlayan COVİT-19 virusunun iqtisadiyyata təsirlərini şərh edərkən deyib.

Onun sözlərinə görə, xarici dövlət borcu beynəlxalq maliyyə institutlarından infrastruktur layihələri və maliyyələşmə proqramları üçün cəlb edilmiş kreditlərdən, həmçinin beynəlxalq maliyyə bazarlarında yerləşdirilmiş qiymətli kağızlardan ibarətdir:

“Bəzən narahatlıq ifadə olunur ki, dövlətin xarici borcu az olsa da, ayrı-ayrı dövlət müəssisələrinin borcları da nəzərə alınmalıdır. Bircə faktı deyim ki, 2018-ci ildə ən böyük dövlət müəssisəmiz SOCAR Qrupunun ümumi aktivləri 62,1 milyard manat olduğu halda, ümumi borc öhdəlikləri bundan 4,5 dəfə az - 13,7 milyard manat təşkil edib. SOCAR-ın cəmi kapitalı 24 milyard manata çatıb. Son 10 ildə SOCAR-ın cəmi kapitalı 3 dəfədən çox artıb. Son audit hesabatına görə, Azərbaycan Beynəlxalq Bankının da aktivləri 8,6 milyard manata, kapitalı isə 1,8 milyard manata çatıb. Digər dövlət müəssisələrinin də audit nəticələrinə baxsaq, təhdidedici xarici borc probleminin olmadığını görürük. Sadəcə, dövlət müəssisələrində korporativ standartların tətbiqinin daha yüksək sürətlə aparılması zərurəti var ki, bunun da qanunvericilik əsasları yaradılıb.

İkinci vacib nüans ondan ibarətdir ki, dövlət müəssisələri təbii inhisar sahələrində əhaliyə bir sıra xidmətlər göstərirlər. Həmin xidmətlərin əksəriyyətinin qiymətləri və tarifləri maya dəyərindən əhəmiyyətli şəkildə aşağıdır ki, bu fərqi də sosial rifah prinsipini əsas götürərək dövlət maliyyələşdirir.

Bütövlükdə, nə dövlət, nə də ki, qeyri-dövlət sektoru üzrə xarici borcumuz təhdidedici səviyyədə deyil. Başqa tərəfdən isə, Azərbaycanda yığım səviyyəsi çox yüksəkdir. Dünya Bankının hesablamalarına görə, 2018-ci ildə Azərbaycanda yığımın ÜDM-ə nisbəti 33 faiz olmaqla, dünyanın orta göstəricisini (25 faiz), habelə, Avropa və Mərkəzi Asiya ölkələrinin (24 faiz) və bütün postsovet dövlətlərinin göstəricisini geridə qoyub.

Cənab Prezident “Azərbaycan Respublikası adından borc alınması və zəmanət verilməsi Qaydası”nı təsdiq edib. Qaydaya əsasən, borc hesabına maliyyələşdirilməsi təklif edilən layihənin zəruriliyi, prioritetliyi, maliyyə dayanıqlığı, ölkənin sosial-iqtisadi inkişafına təsiri qiymətləndirilməlidir. “Dövlət borcunun idarə edilməsinə dair orta və uzun müddət üçün Strategiya”ya əsasən xarici borcun ÜDM-ə nisbəti getdikcə azalır. Maliyyə Nazirliyi artıq manatla uzunmüddətli istiqrazlar emissiya etməklə həm dövlət borcunun strukturunda xarici borcun həcmini azaltmaq, həm də milli valyutanın xüsusi çəkisini artırmaq siyasəti yürüdür”.

V. Qasımlı həmçinin koronavirusa görə, maliyyə-bank sektorunun hazırlığını da qiymətləndirib.

O bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyilə aparılan uğurlu siyasət çərçivəsində son üç ildə institutsional islahatlar, toksik aktivlərin sağlamlaşdırılması, problemli kreditlərin həlli, əmanətlərin tam sığortalanması, nağdsız dövriyyənin və rəqəmsallaşmanın dəstəklənməsi, bütövlükdə makroiqtisadi sabitliyin təmin edilməsi ilə maliyyə-bank sektoruna yeni nəfəs verilib: “Digər tərəfdən bank sektoru əvvəlki böhrandan lazımi nəticələr çıxarıb və immunitet qazanıb.

Hazırda Azərbaycanda geniş mənada pul kütləsi 28,5 milyard manatdır ki, bunun da 63 faizi milli valyuta ilə ifadə olunur. Kommersiya banklarının məcmu xarici aktivləri 7,1 milyard manat və xarici öhdəlikləri 1,6 milyard manat olmaqla, xalis xarici aktivləri 5,2 milyard manatdır. Xalis xarici aktivlərdəki müsbət dəyişikliklər həm də Beynəlxalq Bankda aparılan sağlamlaşdırma tədbirləri ilə əlaqədardır. Bir sözlə, kommersiya banklarımızın balansı müsbət zonadadır ki, bu da xarici şoklara qarşı bank sektorunu daha dözümlü edir. Bank sektorunun xarici öhdəliklərinin minimal səviyyədə olması sektora təzyiqin həcmini azaldır.

Adətən belə vəziyyətlərdə dollarlaşmanın güclənməsi ehtimalı narahatlıq doğurur. Lakin Azərbaycanda indiki halda onsuz da dollarlaşma səviyyəsi yüksəkdir. Depozitlərdə dollarlaşma səviyyəsi hazırda 55 faiz təşkil edir, hansı ki, 2015-ci ilin əvvəlində - devalvasiyalardan qabaq bu göstərici 37 faiz idi. Deməli, 5 il əvvələ nisbətən depozitlərin dollarlaşması təziyiqi üzrə potensial 1,5 dəfə azalıb. Kredit portfelində də xarici valyutanın xüsusi çəkisi 1/3-ə bərabərdi. Bu halda əhali və biznes özünü daha sakit aparır.

Bank tənzimlənməsi sahəsində aparılan islahatlar da sektorun rəqabət qabiliyyətinə müsbət təsir göstərir.

Əsas ticarət tərəfdaşlarımızın valyutalarında da hələlik ciddi titrəmələr qeydə alınmır ki, bu da manatın dayanıqlığı üçün vacibdir”.


7 months, 2 weeks ago
27 visists
Source: xeber.im