News Azerbaijani news add news

Bakalavrdan birbaşa doktoranturaya qəbul olunan İLK AZƏRBAYCANLI PİANOÇU

21 yaşlı Murad Abasov bakalavrdan birbaşa doktoranturaya qəbul olunan ilk azərbaycanlı pianoçudur.

BiG.AZ-ın verdiyi məlumata görə, Bakı şəhərində anadan olan Abasov 2004-cü ildə 244 saylı tam orta məktəbin və Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Orta ixtisas musiqi məktəb-studiyasının fortepiano ixtisası üzrə 1-ci sinfinə daxil olub və 2015-ci ildə 11-ci sinfi bitirib.

Həmin ildə də Almaniyanın Trossingen şəhərində Dövlət Musiqi Universitetinə qəbul olaraq "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində həmin universitetdə təhsil alıb.

2019-cu ildə universitetin bakalavr pilləsini əla qiymətlərlə bitirən pianoçu XXI əsrdə bakalavrdan birbaşa doktoranturaya qəbul olan ilk azərbaycanlıdır.

Həmçinin, 2019-cu ilin sentyabr ayından Almaniyanın ən prestijli musiqi müəssisələrindən olan Ulm musiqi məktəbində fortepiano müəllimi kimi işə qəbul olunub. Murad həm də Ulm musiqi məktəbində ən gənc müəllim kadrıdır.

Lakin onun uğurları bununla bitmir.

Murad Abasovun adı, Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 29 mart tarixli 2111 nömrəli Sərəncamına əsasən, Azərbaycanın gənc istedadlarının «Qızıl kitabı»na yazılıb və o, Azərbaycan Respublikası Prezidentinin xüsusi aylıq təqaüdünə layiq görülüb.

Murad Abasov kiçik yaşlarından tanınmış pianoçu-pedaqoqların ustad uğurlu tələbəsi olub, bir sıra konsertlər verib, ölkəmizdə və ondan kənarda keçirilən müxtəlif müsabiqələrin laureatı olub.

2010-cu ildə Qara Qarayev adına pianoçuların I Beynəlxalq elmi-ifaçılıq müsabiqəsinin laureatı adına və I yerə, eyni zamanda P.İ.Çaykovski adına Moskva Dövlət Konservatoriyasının medalı və Yunesko tərəfindən verilmiş xüsusi diploma layiq görülmüşdür.

2012-ci ildə Bolqarıstanın Dobriç-Albena şəhərlərində keçirilən XVII «Ümidlər. İstedadlar. Ustadlar» adlı müsabiqədə I yerə və «Qran-Pri» nominasiyasında namizədliyə layiq görülmüşdür.

Hələ 15 yaşında ikən Üzeyir Hacıbəyli adına Dövlət simfonik orkestri ilə Azərbaycan Dövlət Filarmoniyasında və Qəbələdə keçirilən VI Beynəlxalq festivalda Ferens Listin mürəkkəb konsertini ifa edərək, bu yaşda hər ifaçıya nəsib olmayan müvəffəqiyyət əldə etmişdir.

Almaniyada təhsil aldığı müddətində beynəlxalq müsabiqələrdə Azərbaycanı yüksək səviyyədə təmsil edib:

2016-cı ilin 23 – 27 may tarixlərində Almaniya Federal Respublikasının Myulakker şəhərində “Musical fireworks in Baden Wurttenberg” (“Baden-Vyurtenberqdə musiqi istedadları”) adlı beynəlxalq müsabiqədə iştirak edib və ən yüksək mükafata – “Assoluto” (“Absolyut”) mükafatına layiq görülüb. Müsabiqənin münsiflər heyətinin üzvü Tamara Poddubnaya Muradın ifasını yüksək qiymətləndirərək onun sinfində təhsil alması üçün ABŞ-nın “Loung Island Conservatory”na dəvət edib.

2016-cı il 28 – 31 iyul tarixlərində Almaniya Federal Respublikasının Geilenkirchen şəhərində keçirilən "Euregio Piano Award" adlı IV Beynəlxalq müsabiqədə iştirak edib. İştirakçılar arasında (18-35 yaş) ən kiçik yaşlı ifaçı və yeganə azərbaycanlı olmasına baxmayaraq, burada da o, böyük uğur qazanaraq ən yüksək balla I yerə layiq görülmüşdür. Muradın məhz bu çıxışı Almaniya mətbuatında “Ən böyük alqışa səbəb olan ifa” başlığı ilə dərc olunan məqalədə işıqlandırılıb.

2016-cı ilin 10 – 14 dekabr tarixlərində Türkiyənin Bursa şəhərində keçirilən beynəlxalq piano müsabiqəsində iştirak edib və ən yüksək nəticə göstərərək I yerə layiq görülüb.

2017-ci ilin 2 fevral tarixində Azərbaycan Respublikasının "Gənclər mükafatına" layiq görülüb.

2017-ci il 1 – 5 avqust tarixlərində İtaliyanın Berqamo şəhərində keçirilmiş beynəlxalq piano müsabiqəsində I yerə layiq görülüb.

2018-ci ilin iyun ayında İtaliyanın Milan şəhərində keçirilən "Pianotalents" beynəlxalq müsabiqəsində də uğur qazanaraq II yerə layiq görülüb.

2018-ci ilin 2 – 7 oktyabr tarixlərində Çin Xalq Respublikasının Çanqşa şəhərində keçirilən "2nd Changsha Open İnternational Piano Competition" müsabiqəsində çıxış edərək xüsusi mükafata layiq görülüb. Bu nüfuzlu müsabiqənin seçim turunda 300 nəfərdən 24 iştirakçı arasına düşərək yeganə azərbaycanlı kimi ölkəmizi layiqli təmsil edib.

Almaniya, Bolqaristan, İtaliya, Türkiyə və Polşada Murad solo konsertlərlə çıxış edib. Onun konsertləri haqqında məqalələr Almaniya mətbuatında geniş işıqlandırılıb.

2019-cu ilin 12, 13, 21 dekabr tarixlərində müxtəlif repertuarlarla Ankarada müvəffəqiyyətlə çıxış edib.

2020-ci il 7 fevral tarixində Almaniyanın Tübingen şəhərində solo konsertlə çıxış edib.

Natəvan Baxşiyeva


7 months, 3 weeks ago
12 visists
Source: big.az