News Azerbaijani news add news

Balakəndə məhkəmə icraçısı həbs edilib

Şəkidən Balakənə göndərilən bağlamanın içərisindən narkotik vasitə və avtomat silahının güllələri çıxıb.

BiG.AZ apa-ya istinadən xəbər verir ki, Balakən şəhər sakini Zahid Abdulhacı oğlu Xanlayev Balakən rayon Polis Şöbəsinə müraciət edərək bildirib ki, “Şəki şəhərindən Arif adlı şəxs ona mobil telefondan zəng edərək Şəki-Balakən marşrutu ilə hərəkət edən sərnişin daşıyan mikroavtobus vasitəsi ilə bir ədəd bağlamanın göndərildiyini bildirib. Balakən şəhərində bağlamanı götürüb açan zaman ağır narkotik vasitə hesab olunan heroin və 4 ədəd avtomat silahının gülləsi ilə üzləşib”.

Məlumat əsasında aparılmış əməliyyat-axtarış tədbiri zamanı məlum olub ki, Balakən şəhər sakini, Ələkbər Köçəli oğlu İsmayılov Zahid Xanlayevi narkotik vasitələrin qanunsuz dövriyyəsində günahlandırmaq məqsədi ilə bilərəkdən bu cinayət hadisəsini törədib. Məlum olub ki, Ələkbər İsmayılov Qax şəhər ərazisində taksi fəaliyyəti ilə məşğul olan Qax şəhər sakini Rəşid Allahyar oğlu Məmmədovla birlikdə Şəki şəhər avtovağzalına gedib. Ələkbər İsmayılov avtovağzalda Rəşid Məmmədovdan içərisində 3 ədəd A-4 formatlı kağız bağlamaları olan qutunu Şəki-Balakən marşrutu ilə hərəkət edən, Balakən rayonu Qazma kənd sakini Arif Şövkət oğlu Hüseynovun idarə etdiyi sərnişin daşıyan mikroavtobusa verməsini istəyib.

Hal şahidlərinin iştirakı ilə Ələkbər İsmayılovun Zahid Xanlayevə göndərdiyi bağlamaya baxış zamanı ordan üç ədəd torbada olmaqla ümumi çəkisi 3, 780 qram heroin və bir ədəd kağız bükülüdə 4 ədəd avtomat silahının güllələri götürülərək istintaqa təhvil verilib. Keçirilmiş tədbir nəticəsində hadisədə iştirak edən Ələkbər İsmayılov, Rəşid Məmmədov və Arif Hüseynov şübhəli şəxs qismində saxlanılıblar. Saxlanılanlardan Ələkbər İsmayılov barəsində Balakən rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Faktla bağlı Balakən rayon Polis Şöbəsində CM-nin 234.1 və 228.1-ci maddələri ilə cinayət işi başlayıb, istintaq aparılır.

APA-nın əldə etdiyi məlumata görə, həbs edilən Ələkbər İsmayılov uzun illər Balakən rayon Məhkəməsində icra məmuru işləyib. Bir-neçə gün əvvəl isə o tutduğu vəzifədən azad edilib.


7 months, 3 weeks ago
68 visists
Source: big.az