Latin

Mənim Bir Arzum Var - 2

Total number of words is 3918
Total number of unique words is 1714
24.2 of words are in the 2000 most common words
33.6 of words are in the 5000 most common words
38.7 of words are in the 8000 most common words
Each bar represents the percentage of words per 1000 most common words.
özümüzə. Bu ağaca baxmaq mənə daha çox
rahatlıq verirdi. Təkcə ona görə yox ki, payız mənim
ən sevdiyim fəsildir, həm də ona görə ki, ondan
mənə elə bir ziyan gəlməz, əksinə bizdən ona ziyan
dəyə bilər. Yerində durmuş ağaca da imkan
vermirik ki, rahat otura. Birdən sanki içimdən bir

səs mənə bu dediklərimi ağaca da deməyimi və
ondan üzr istəməyimi əmr edirmiş kimi hiss etdim
və bunları dedim: “salam, ağac. Bilirəm mən indi
etdiyim şeyi həmişə etmək istəmişəm, amma sən
də bilirsən də əgər bunu indiyə qədər etmiş olsa
idim, yəqin ki, indi dəlixanada olmalı idim. İnsanlar
məni səninlə danışan görsələr elə fikirləşərdilər ki,
dəli olmuşam, başıma hava gəlib. Mənə görə isə
səninlə danışmaq çox təbii bir şeydir. Hələ bəlkə
vacib bir şeydir də. Həmişə universitetə, işə,
ümumən harasa gedəndə sənin digər dostlarını
görürəm, görürəm və düşünürəm ki, siz gecə də,
gündüz də eyni yerdə olursunuz, insanların bu gecə
macəralarını da yəqin görürsünüz. Amma bir
yandan da sizlər öz taleyinizə hakim deyilsiniz. Yəni
ancaq bir yerdə dayanmağa məhkum olmusunuz,
ancaq bir insan əli ilə olduğunuz yerdən başqa yerə
daşınırsınız. Bizim sizdən fərqimiz də elə bundadır
biz öz taleyimizin üzərində....açığı bu sözləri
dediyim zaman bunun həqiqiliyinə şübhə edirəm.
Nəysə səni çox sevirəm, sadəcə bunu bil bəsdir.
Düzdür, siz də hər fəsildə yarpaqlarınızın rəngini
dəyişirsiniz, amma ən azından əvvəldən
dəyişməyəcəyiniz haqda yalan məlumat

vermirsiniz. Hamı bilir ki, indi rəngarəng olub
mənim könlümü oxşayan bu yarpaqlar yazda
yamşaşıl olacaq. Amma dediyim kimi biz bunu
bilirik, biz insanlara məxsus ikiüzlülük( və hətta
buna çoxüzlülükdə deyə bilərik, çünki texnikanın
inkişafı, elimin nailiyyətləri bir çox şeyin inkişafına
rəvac verdiyi kimi bizim üzlərimizin sayının da
artımına əlindən gələn yardımı əsirgəməyib)
sizlərdə yoxdur. Bilirəm, bilirəm başını çox
ağrıtdım. Ona görə də gerisini daxilimdə
fikirləşəcəm.” Bundan sonra gördüyüm şeylər
haqqında fikirləşmək istəyirdim, amma həmin
mənzərə müəllimimin dərsdə dedikləri yadıma
düşdükcə daxilimdə bir iyrənti duyğusu yaranmışdı.
Olanlar, yəni tam olaraq nə olmuşdu? Dəqiq deyə
bilmərəm, ancaq dəqiq o idi ki, bəlkə də daxilimdə
özümə belə etiraf etməkdən çəkindiyim güvən hissi
idi bu. Nəyə görə etirafdan çəkindiyimə gəldikdə
bir dəfə də bundan xeyli fərqli olsa da, başıma
gələn bir hadisə məni insanlar haqqında
fikirləşməyə sövq etmişdi, yəni onların ikiüzlülüyü
haqqında. Onlar deyərək özümü onlardan
ayırdığım üçün oxucunun məni başa düşəcəyinə
inanıram. Məsələ burasındadır ki, mən onlar

dediyim kateqoriyanın bir parçası olmağıma görə
özümdən kifayət qədər nifrət etdiyim anlar olub.
Hətta buna görə ağladığım, bəli, bəli düz
oxuyursan, ağladığım, bəzən də axı onlar niyə
belədi deyə ağladığım vaxtlar da olub. Bunlar indi,
yəni o hadisə başıma gəldiyi, görünməz olduğum o
vaxtlarda niyə yadıma düşmüşdü deyə soruşsanız,
yəqin ki, adam-ağıllı özümlə oturub danışmağa
ancaq onda vaxt tapa bilmişdim. O vaxta qədər
yənə insanların etdiyini unutmuş, ya da unutmağa
çalışmış, lakin bir dəfə də olsun keçmişi
qurcalamamışdım. O gün gördüklərimdən və
özümlə danışmağa kifayət qədər vaxtım olduğunu
dərk etdikdən sonra axı niyə də bunlar haqqında
fikirləşməməli idim. Hər zaman bir ümidlə özümün
yanıldığımı, problemin məndə olduğunu deyib
durmuşdum. Və göz yaşı tökdüyüm, insanlardan
soyuduğum anlarda belə bir az dərinə gedib günahı
özümdə tapıb rahatlayırdım. Bəlkə də ona görə ki,
günah özümdə olanda onu həll edə bilərdim,
amma başqalarında olanda bunu həll etmək o
qədər də asan deyil, hətta bəlkə imkansız da deyilə
bilər. O gün yenə dərdim təzələnmişdi və üstəlik
bu dəfə özümdə də bir günah tapa bilmirdim. Axı o

professora mən deməmişdim ki, namusdan, gecə
qış uşağının çölə çıxmasıdan danışsın. Bu da azmış
kimi elə rəftar etsin ki, guya o özü bütün bu
məziyyətlərə sahib bir namuslu, əxlaqlı, dürüst
professordur. Bu dəfə yaman yerdə
axşamlamışdıq, amma sözün həqiqi mənasında
axşamlamışdıq. Bundan sonra geriyə qalan şey o
gün əlimdə olan bu güclə ətraf işıqlandıqda nə
etmək istəməyim idi. Əvvəla ağlıma gələn ilk şey bu
oldu ki, universitetə bir baş çəkməliyəm. Nə də
olmasa, bir müəllimimi bu şəkildə görməyim orada
məni sevən digər müəllim və tələbə yoldaşlarımın
var olduğu həqiqətini dəyişməzdi. Və bəli, bunu
edəcəyimi dəqiq qərarlaşdırdıqdan sonra sevimli
ağacım altında fikir dünyasında bir o tərəfə bir bu
tərəfə dolaşaraq ətrafın ağarmasını VƏ
universitetin açılma vaxtının çatmasını gözləməyə
başladım. Nəticədə 3-cü kurs tələbəsi olaraq
mənim dərsim 9-un yarısı başlayacaqdı və
universitet isə bundan da tez açılacağına görə çox
gözləməli olamayacaqdım.... Artıq avtobus
dayanacağına gəlib çatmışdım. Səhər tezdən kimi
işə, kimi məktəbə, kimi universitetə, kimi də hara
gedəcəyini bilmədən harasa getmək üçün

dayanacaqda durmuş və avtobus gözləyirdi. Mən
isə tamami ilə fərqli hisslər ilə universitetə getmək
məqsədi ilə onların yanında durmuşdum.
Gözəgörünməzliyimin mənə vermiş olduğu
avantaidan yararlanaraq gah yerdə oturdum, gah
çömbəldim, gah yüksək səslə güldüm, amma təbii
ki, necə də ayıb, mədəniyyətsiz hərəkətlər
sərgilədiyimi mənə deyən olmadl.. o anda əvvəldən
mövcud olan bir arzum yadıma düşdü-burada olan,
tanımadığım bu insanları qucaqlamaq. İndiyə kimi
bunu etsəm yəqin dəli, oğru, sərxoş, əxlaqdan
kənar və ümumən, bu kimi bir insan olduğumu
düşünəcəklərini bilirdim. Üstəlik onların bir
qisminin də bu sevgiyə nə qədər laiq olması
məsələsi var idi. Nə olsun ki, mənim içimdən hamısı
qucaqlamaq və onları etdikləri hər şeyə rəğmən,
məni anlamamaqlarına rəğmən çox sevdiyimi və
bunun səbəbinin də hər birimizin Tanrıdan bir
parça olmasında gördüyümü demək keçirdi. Bunu
insan nəsli içərisində başa düşəcək və məni dəli
adlandırmayacaq nə qədər insan var idi axı? İndi
isə heç bir suala yer qalmadan, heç bir narahatçılığa
yol açmadan onları qucaqlaya və onları sevdiyimi
burada özlərinə deyə bilərdim. Gecəki macəradan

sonra bu bəlkə bir az məni rahatlatar və qismən də
olsa olanları unutmağıma yardım edə bilərdi. İlk
olaraq oturacaqda oturan xanıma yaxınlaşdım. O
gözəl geyimli, özgüvənli görünən biri idi. Yaşı yəqin
ki, 27-28 ola bilərdi, ancaq bunu dəqiq bilmirəm.
Üzündəki makyalı da oxucu üçün təsvir etmək
lazım gələrsə, dodaq boyasının rəngi çəhrayı idi və
buna uyğun bir çalarda gözünün üzərində də bir
boya var idi. Onu da deyim ki, oxucunun məni bu
qeyri-dəqiq məlumatlarıma görə
günahlandırmayacağını ümid edirəm. Anam, heç
olmazsa həm otaq, həm də qrup yoldaşım olan
Günəş makyai edərkən onlara nəzər salsaydım
həmin hadisənin yaşandığı zaman gördüyüm bu
qadının makyalını tam dəqiqliyi ilə təsvir edə
bilərdim. Amma artıq olan olub keçəndə ki keçib.
Saçları qara rəngdə və açıq olan bu qız ətrafına bir
az da alçaldıcı nəzərlərlə baxırdı. Yəqin edirəm ki,
özgüvən ən pik həddinə çatandan sonra insanların
səhvən onun davamı saydığı bir mərhələ olan
başqalarına yuxarıdan aşağı baxma mərhələsinə
daxil olmuşdu. Onun yanında oturdum. Daha sonra
qucaqladım. Düzdür, o məni görmürdü, amma
sanki mənim onun qucaqladığımı hiss edirmiş kimi

bir reaksiya verdi. Ona onu çox sevdiyimi dedim.
Sanki bunu da hiss edirdi. Bütün bunların ardınca
hamımızın Tanrıdan bir parça olduğumuzu və buna
görə də hamımızın dəyər, sevgi və hörmətə
bərabər səviyyədə layiq olduğumuzu dedim.
Vaxtımın çox olmadığını nəzərə alaraq onun
yanından durub dayanacağın kənarında dirəyə
söykənmiş bir şagirdə, şagird deyirəm çünki
belindəki 4-5 kiloqramlıq çanta mənə ona belə
müraciətim üçün əsas verir, yaxınlaşdım. Bu bir qız
idi. Bir az əvvəlki xanıma etdiyim kimi onuda
qucaqlayıb sevdiyimi dedim. Həyatı anlamağa
çalışmağı da məsləhət görmək kimi bir cəhd
edəcəkdim ki, sonra bunun səhv olacağını
düşündüm. Nəticədə bu sonu elə də rahatlıqla və
tez gəlməyəcək, bəlkə də heç gəlməyəcək bir iş idi.
Mən isə belindəki çantanın altında əzilən bu uşağın
yükünü bir az da artırmaq istəmədiyim üçün ona
bunu deməkdən çəkinirdim. Tam onun yanından
ayrılacağım sırada İncildə deyilən “qonşunu da
özün kimi sev” fikiri xatırladım. Bu fikirdən və etmiş
olduğum bir səhvdən sonra gəldiyim nəticə isə bu
idi ki, özüm üçün xeyirli saydığım bir işi bütün
ağırlığına, çətinliyinə rəğmən edərəm və əgər

belədirsə bu işi başqasına da məsləhət bilib ya da
etmək istədiyi zaman ona bunun çətinliyindən çox
yekun nəticədə əldə edəcəyi xoşbəxtlikdən
danışaraq həvəsləndirməliyəm. Bir halda ki, sonun
nə zaman gəldiyini bilməsəm də, özüm bu həyatı
anlamağa ən azından çalışırdım, nəyə görə ona da
bunu məsləhət bilməyəydim. Bax beləcə sanki bu
məktəbli məni görür və eşidirmişcəsinə ona həyatı
anlamağa çalışmasını, bunun üçün əvvəlcə özünü
anlamalı olduğunu məsləhət bilərək oradan
ayrıldım. Orada təxminən 35-40 yaşlarındakı bir
bəyə qarşı da bir az öncə etdiklərimi təkrarladım.
Açığı hamımız insan olduğumuza görə burada
mənim üçün qəribə bir şey yox idi. Orada olan heç
kim ilə qan bağım yox idi, amma qan bağından daha
güclü bir bağımızın olduğunu bilirdim. Bir an əgər
indi məni görə bilsəydi bu şəxs nə düşünərdi deyə
xəyal etdim. Hər halda yuxarıda sadaladığım
sonuncu kateqoriyaya-əxlaq normalarından
xəbərdar olmayan biri, qeydsiz şərtsiz daxil edərdi.
Eybi yox, bundan ötrü onu günahlandıracaq
deyiləm. Əvvala, ona görə ki, o mənim haqqında
danışdığım bağdan xəbərdar deyilsə, onun burada
bir günahı yoxdur. İkincisi də o ona öyrətilmiş olan

normaların tələbi daxilində hərəkət edirdi və ona
da bu cür öyrədilmişdi. Bu kişinin üzündə kibirin
varlığı o qədər də sezilmirdi, geyimindən iş adamı
olduğu və işə getdiyi məlum olurdu. Bir anlıq
düşündüm ki, indi Allah bilir beynin içində hansısa
işlə bağlı bir məsələni incələyən bu adam, ətrafında
olanlardan xəbərdar olmayan bu adam mənim
hərəkətlərimə görə məni dəli də adlandıra bilərdi.
Tam o sırada avtobusun uzaqdan yaxınlaşdığını
gördüyümdəm dayanacaqdakı təxminən 55 yaş
verəcəyim bir xanım, 25 yaşlarında ola biləcək bir
oğlanı da qucaqlayıb onları nə qədər çox sevdiyimi
dedim. Avtobus çatdıqda mən artıq işimi başa
vurmuşdum və avtobusa daxil olaraq pəncərə
kənarında ayaq üstə dayandım. Oxucu buna
qəttiyyən gülməsin. Bir tələbə olaraq vərdiş
etdiyim şeyi təkrar edirdim vəssalam. Eybi yoxdur
deyə fikirləşdim.. Yəni bu o qədər də mühim deyil,
bəlkə də mühim idi, bu haqda sonra bir də üzərinə
qayıdıb fikirləşərəm. Oxucunu bir məsələ haqqında
aydınlatmağı vacib hesab edirəm ki, bir az öncə
insanlardan özünü ayrı görən, və ya görmək istəyən
mənim nə üçün dayanacaqdakı insanlara qarşı belə
bir sevgi duymağım heç də qəribə deyil. Çünki....

burada Azərbaycan şairi Molla Pənah Vaqifin bu iki
misrasını qeyd etməliyəm:

Uman yerdən küsərlər, bir məsəldir xalq arasında,

Küsdüyüm bica deyildir, aşinadan küsmüşəm.

Yəni mən insanları sevdiyim, onlar da hər dəfəsində
bu sevgiyə xəyanət etmək bacarığını göstərdiyi
üçün onlardan sadəcə olaraq küsmüş, bəlkə də
incimişdim. Axır əsas olan o idi ki, onlardan hələ də
ümidimi üzmədiyim üçün yalnız küsmüş, birdəfəlik
silməmişdim. İndi isə bu qısa açıqlamadan sonra
qayıdaq avtobusa. Hadisələrin sonrakı gedişatının
daha maraqlı olduğunu düşündüyümdən oxucunu
bu avtobusda çox yubandırmaq istəmirəm.... bir az
sonra universitetin qarşısında dayanmışdım. Bəli,
bura mənim həftənin beş günü, səhər saat 9-un
yarısında gəlməyə təhkim edildiyim universitetim
idi. Bu universitetin adını burada deməyi lazım
bilməsəm də, əsas olan şeyi qeyd edirəm ki, mən
burada sosial elmlər və psixologiya fakültəsinin
sabiq tələbəsi idim və artıq üçüncü il idi ki, bu
ünvanı daşımaqla məşğul idim. Bəli bu dəfə
məndən tələbə biletimi istəyən olmamışdı. Odur ki,

heç bir əziyyət çəkmədən içəri daxil oldum. Bizim
fakültəmizin yerləşdiyi bina o qədərdə uzaqda
deyildi. Xalq ifadəmizlə desəm, qapıdan girəndən
sonra bir addımlıqda idi. Universitetdə tələbələrin
səsi hər yana yayılırdı. Bunu eyni ilə arı pətəyindəki
vızıltıya bənzətmək də olar. Görünür, həmin gün
mən ora gəldiyim gün də də elə bir dəyişiklik yox idi
və köhnə hamam, köhnə tas prinsipini
gözləmişdilər. Açığı mənimki də tamam dəlilik idi
bura gəlmədiyim, əgər Günəş haqqlı idisə, cəmi 30
gün idi. Nə kimi dəyişiklik olmalı idi axı? Deyəsən,
digərlərinə də uçmaq, işıq sürəti kimi güçlərin
verilmiş olduğunu gözləyirəmmiş ki, heç nəyin
dəyişmədiyini görmək mənə belə təsir etmişdi. Öz
binamıza doğru yaxınlaşdım və oradakı mühafizə
işçilərinə sanki məni eşidəcəklərmiş kimi salam
verərək içəri daxil oldum. Bu binanın beşinci
mərtəbəsində mənim fakültəm yerləşirdi. Ora
qalxmaq üçün liftə mindikdə fikirləşirdim ki, məni
hər zaman çox sevdiyini deyən, istedadımı
tərifləməkdən xüsusi zövq alan, qısası məni yerə
göyə sığdırmayan müəllimlərim yəqin ki, mənim
itmiş olduğumu öyrəndikdən sonra çox pis
olmuşdular. Üstəlik hər nə qədər bunu mən

etməmişdimsə də, gözəgörünməz olaraq onları
kədərləndirdiyim üçün özümü də yaxşıca bir
danladım. Bu sırada liftdə tək idim və fikirlərimdən
ayrıldıqda qapının açılmış olduğunu gördüm və
cəld liftdən ayrıldım. Məlumdur ki, fakültələrdə
müxtəlif kafedralar mövcuddur. Bu hal bizim
fakültəmiz üçün də eyni idi. Odur ki, mən öz qrup
yoldaşlarımın olduğu otağı axtarmaqla məşğul ikən
kolidor boyunca sosial və pedaqoli psixologiya,
gender və tətbiqi psixologiya kimi kafedra adlarını
da görürdüm. Birdən sağ tərəfdə yerləşən otaqların
birindən qrup yoldaşlarımın səsini eşitdim. Yenə
həmişəki kimi zarafatlar edir, gülürdülər. Bu hal
məni əlbəttə sevindirdi. Amma məni hər zaman çox
sevdiklərini deyən bu insanlar üçün varlığımın və
yoxluğumun elə də bir fərq etmədiyini görüncə
kədərlənmədiyimi də deyə bilməyəcəm. Lakin bu
hal çox çəkmədi və mənonların nə danışdığını nəyə
güldüyünü öyrənmək üçün bir az daha yaxına
getdim. Onları görəndə sevinmədim desəm yalan
olar. Yəni neçə ildir ki, burada təhsil alıram və
ancaq onları görürəm, demək olar ki, onlar mənim
ailəm kimi olmuşdular. Üstəlik öz ailəmi elə çox
görmədiyimi nəzərə alsaq bu çox təbiidir ki, onları

ailəm yerinə qoymuşam. Bu yazını ortaya
çıxardığım təqdirdə bunu oxuyacaq oxucular üçün
bir şeyi də aydınlaşdırmalıyam ki, ailəm rayonda
yaşadığından onlarla bu üç il boyunca görüşmə
sayını maksimum üç olaraq xatırlayıram. Düzü,
mən Bakıda işlədiyimdən tətillərdə də evə gedə
bilməmişəm. Onlar isə məni sevmədikləri üçün yox,
yəni ən azından mən belə düşünürdüm, imkan
olmadığından şəhərə gəlmək kimi bir təşəbbüs
göstərməyiblər. Nəysə, nəysə.... Bu söhbətlərin
yeri deyil indi. Ona görə də qrup yoldaşlarımın
yanına qayıdaq. Bəli onlar gülürdülər, amma nəyə,
yoxsa kiməmi deməli idim? Bəli, tam olaraq belə
deməli idim. Ora çatanda məlum oldu ki, əziz və
hörmətəlayiq qrup yoldaşlarımın güldüyü şəxs
mən imişəm. Amma burada onu da aydınlaşdıraq
ki, sadəcə mən yox, əxlaqı olmayan, əşi artıq keçib,
əxlaqsız, namussuz, yerə baxıb ürək yaxan mən
imişəm. Bax beləcə mən özümün bu mükəmməl
definisiyalarımı sizinlə paylaşıram. Bu söhbətin
üstündən kifayət qədər vaxt keçdiyindən, onların
məni də özləri kimi çoxdan unutduğunu nəzərə
alaraq tələbə yoldaşlarımın adlarını verməklə bağlı
elə bir problem görmürəm....Məsələyə birinci

münasibət bildirən mənim ən yaxın dost dediyim
şəxslərdən biri olan Afət idi. Onun mənim
haqqımda dediklərinə keçmədən öncə bəzi şeyləri
deməliyəm. Biz onunla əslində eyni royondan olsaq
da, fərqli kəndlərdən idik. Mən universitetə ilk dəfə
gələndə də, yəni birinci kursda ilk qarşılaşdığım
adam da o idi. Belə demək mümkünsə, ikimiz də ilk
gündən dərsə gecikmək kimi nadir görülən bir
potensial sərgiləmişdik. Onunla da qapıda
qarşılaşdıq və müəllimin insafına sığınaraq qapını
döyük. Görünür, müəllim insaflı adam imiş ki,
birinci gün olduğunu nəzərə alaraq bizə sadəcə “bu
nə vaxtın dərsə gəlməyidir, ağılsızlar, keçin içəri,
nə durmusunuz orada şəkil çəkdirirsiniz” deməklə
kifayətləndi və biz ilk dərsimizi almaq, daha
doğrusu keçmək üçün içəri daxil olduq. O gündən
sonra aramızda bir birimizi tale ortağı
adlandırmağa başladıq və çox yaxın dost olduq.
Mən ondan demək olar ki, heç nəyi gizlətmirdim,
yəni gizlətiləsi bir şey də yox idi. Mən əlimdən
gəldiyincə ağıllı, sözəbaxan, əxlaqlı biri olmağa
çalışırdım. Belə olan təqdirdə gizlətiləcək şeylərin
siyahısı sıfıra enir. Əlbəttə sual verilə bilər ki,
sözəbaxan olmusan əlin bala batıb? Amma

bilirsiniz, nə var, son zamanlar belə bir fikrə rast
gəlmişəm: universitetdə suallar verilir, öyrədilir və
tələbələr bundan sonra imtahan olunur, həyatta
isə əvvəl imtahan olur sonra sualların cavabı
öyrədilir. Belə..... Mən onunla olan tələbəlik
macəralarımızdan çox danışmaq istəmədiyimdən
Afətlə bağlı olan izahatımı burada bitirirəm. Otağa
yaxınlaşanda “tale yoldaşım” haqqımda bu sözləri
deyirdi:
“Bilirsiniz, uşaqlar, mən elə əvvəldən bilirdim ki, o
bizə özünü göstərir, əslində onun içində nələr var
idi, bir mən bilirdim. Bir də görürdüm ikinci növbə
dərsdən çıxıb harasa gedir. Soruşanda da deyirdi ki,
heç elə belə şeydi. Kitabxanaya gedirəm, nə bilim
nə. Guya mən bilmirəm ki, o vaxtı kitabxana açıq
olar. Allah bilir elə o vaxtdan....Nə isə, daha mən o
sözü ağzıma yaraşdırıb demirəm, özünüz yaxşı başa
düşdünüz. Baxanda da camaat elə bilirdi ki, bunun
ağzında dili yoxdur. Ona görə yaxşı deyiblər də,
suyun lal axanı, insanın yerə baxanı.”

Təəssüf ki, bundan sonra deyilən bir neçə cümləni
yaza bilməyəcəm, yəni kədərləndiyim üçün yox,
onun sözləri ilə desək, qələmimi, daha dəqiqi

klaviaturamı kirləndirməmək üçün.. Ümumilikdə
digər bütün qrup yoldaşlarımın məni sevdiklərini,
bir-birimizə hörmət etdiyimizi düşünsəm də
Afətdən sonra daha yaxşı yola getdiyim ikinci qrup
yoldaşım Vüqar idi. Ona görə də otaqda hamının
yox bu iki şəxsin danışıqlarını verməyi lazım bilirəm.
Bu arada Vüqar söhbətə qarışdı və mən elə
düşündüm ki, yəqin Afəti susdurmaq ona
yanıldığını demək niyyətindədir. Mən onlara qulaq
asa-asa artıq otağın içinə daxil olmuşdum. Odur ki,
Vüqarın dediyi sözləri tam aydınlığı ilə eşidirdim..
Bu sözlər belə idi:

“Nə yalan deyim, Afətə qatılıram, onun elə gecə
vaxtı tez-tez harasa getməyi olurdu. Əvvəllər mən
bir az yaraşdırmadın filan, amma sonra başa
düşdüm ki, vəziyyət o məsələ....”

Sözün bitdiyi yer buna deyirlər yəqin. Görünməsəm
belə orada axı bunları necə deyə bilirsiniz, axı siz
yaxşı bilirdiniz ki, mən o vaxt universitetdən çıxıb
işə gedirdim, sadəcə əvəllər bir az utandığım üçün
deməmişdim, sonra isə işləməyim utanılacaq yox,
qürur duyulacaq bir şey olduğumu başa düşüb
kitabxanaya getdiyimi dediyim günlər əslində işə

getdiyimi sizə demişdim. Doğurdan e? Görəsən,
nəyə görə sizə demək ehtiyacı hiss etmişdim? Yəni
doğurdan da işlədiyim üçün utanmadığımı
göstərmək istəmişdim, yoxsa sizin haqqımda başqa
şey düşünməyinizin qarşısını almaq? Həyat, və ya
biz insanlar ikimizdən biri çox qəribədir. Amma
kimin daha qəribə olduğuna sonra qərar verərik.
Əsas odur ki, gördüklərim qarşısında heyrətdən lal
olmaqla məşğul ikən bu fikirləşdiklərimi qətiyyən
demədim, hətta məni görüb eşitmədiklərini
bildiyim halda demədən oranı tərk etdim. İş
orasında idi ki, bu eşitdiklərimdən sonra ağlaya da
bilmirdim. Bəlkə də ağlasam, daha yaxşı, əslində
yaxşı olmasa da olar, axır nəsə hiss edə bilərdim. Bu
dünən axşamkı macəralarımdan sonra ikinci dəfə
idi ki, heç nə hiss edə bilmirdim. Hərçənd
müəllimlərimi görməyə artıq nə həvəsim, nə də
eşidəcəyim şeylərə tabım qalmadığından oradan
nə qədər mümkünsə o qədər tez çıxmaq istəyirdim,
amma yenə bu lənətə gəlmiş maraq yaxamı
buraxmadı və bir az sonra özümü gender və tətbiqi
psixologiya kafedrasında əvvəllər ən çox sevdiyim
və onun da ən çox sevdiyi tələbəsi olduğumu
düşündüyüm müəllimim 65 yaşlı professorumuz

Cahangir Ağayevin qarşısında tapdım. Müəllimim
otaqda tək deyildi, onunla birgə daha iki müəllim
var idi. Onların da mənimlə bağlı fikirlərini bilmək
istəyirdim, amma görünür burada qrup
yoldaşlarımla olduğum qədər şanslı deyildim ki,
mənim haqqımda pis, ya yaxşı danışmırdılar. Sözün
əsil mənasında itirib axtarmırdılar desək, yerinə
düşər. Ona görə də, kafedradakı masanın ətrafında
olan oturacaqlardan birinə əyləşdim və aralarında
keçən söhbətə qulaq asmağa başladım. Söhbət də
deyəndə ki, yəni elə-belə evdən-eşikdən. Belə
məlum olurdu ki, hamının son vaxtlar nəsə pula
ehtiyacı var. Əslində onların aralarında keçən
söhbətləri nöqtə, vergülünə qədər bura yazmağın
təkcə mənə yox, həm də sizə cansığıntısı verəcəyini
nəzərə alaraq o söhbətləri burada yazmayacam.
Amma onu deyim ki, mən bu söhbətlərə təxminən
1 saata yaxın qulaq asmalı oldum. Bu bir saatın
sonunda qulağıma kolidordan bir səs gəldi.
Yanılmamışdım, bu Günəşin səsi idi. Üstəlik o
mənim haqqımda nəsə deyirdi. Bu səsə başda
Cahangir müəllim olmaqla kafedradakı iki müəllim
kolidora çıxdı. Həmçinin dərs başlamasına rəğmən
onun səsinə qrup yoldaşlarım da bir neçə saniyə

işərisində kolidorda idi. Günəşin mənim
tapılmağımla bağlı heç bir iş görülmədiyini,
polislərin məsələyə ciddi yanaşmadığını və
müəllimlərimiz və tələbə yoldaşlarımızdan kömək
istədiyini xatırlayıram. Amma həm təəssüf ki, həm
də yaxşı ki, Günəşin bu çağırışına cavab olaraq
Cahangir müəllimin bu sözlərini də xatırlıyıram:

” Ay qız, sən də yaxşı görək, universiteti bura
yığacaqsan, neyləyim ki itib, cəhənnəmə itsin,
deməli o yolun yolçusu imiş ki....”

Oxucuya məsələnin aydın olduğunu yəqin edərək
“professorun çıxışı”nı burada dayandırıram. Bu
eşitdiklərim mənə kifayət etmiş olacaq ki,
məsələnin axırını dinləmədən oranı tərk etdim. Və
yenə heç nə hiss edə bilmirdiml.... bir azdan
universitetin həyətində idim. Yerə oturdum,
ağlamaq istədim, həqiqətən həyatımda ilk dəfə bu
qədər çox ağlamaq istədim. Üstəlik insanlar məni
görmürdü, nə dəli olub deyən, nə də yazığı gəlib:
“Aaa, sizə nə olub, xanım?” deyən olmayacaqdı,
yəni tam fürsət idi. Amma əldən nə gələr ağlaya
bilmirdim. Axırda özümü ağlamağa məcbur etmək
fikrindən daşındım və içimdəki hisssizliyimi də

alaraq ayağa durdum. Ətrafıma baxdım. Lakin
sadəcə baxdım. Və o an elə indiyə qədər, yəni
görünməzlik macərasına atılana qədər də sadəcə
baxmış olduğumun fərqinə vardım. Baxmış və
görməmişdim. Son zamanlar VVilliam VValker
Atkinson adlı bir psixoloqun yaddaşla baglı oxumuş
olduğum bir əsərində bu feillərin yəni to look
at(nəyəsə baxmaq) və to seef(nəyisə görmək)
feilərinin arasındakı fərq detalları ilə izah olunurdu
və bir şeyi tam başa düşmək, sonra isə xatırlamaq
üçün ona baxmaq yox, görməyin lazım olduğunu
yazılırdı. Səmimi olum ki, bunu oxuyanda o qədər
də başa düşməmişdim. O an orada, insanların tam
ortasında, içimdəki hisssizliyim ilə baş-başa
olduğum o anda, tam olaraq o anda yavaş-yavaş
anlamağa başlamışdım. Amma bir yandan da indiyə
qədər sadəcə baxdığımı və görmədiyimi və bunun
yekununda da heç nəyi başa düşməmiş olduğumu
düşünəndə sadəcə olaraq ölmək istəyirdim. Bəli
tam olaraq bunu istəyirdim. Amma bu istəyimi
belə tam olaraq hiss edə bilmirdim. Məni bu
fikirlərimdən arxadan gəldiyini eşitdiyim bir səsGünəşin səsi ayırmışdı. Çevrildim. Binanın
qarşısında dayanmış və telefonla danışırdı. Üstəlik

danışığından belə məlum oldu ki, mənim rayondakı
ailəmlə danışır. Heç nə hiss edə bilməyən mən
qeyri-iradi olaraq dinləmək istəyi ilə onların
danışığına qulaq asmağı qərara aldım. Bunu etmək
də hər hansı bir məqsədim var idimi, yoxsa sadəcə
olaraq etmişdim bu haqqda danışmaq istəmirəm.
Günəşin səsi çox hərarətli idi, sanki döyüş
meydanının ortasında tək qalmışdı və qarşısındakı
böyük bir orduyla vuruşurdu. Məğlub olmamaq
üçün sonuna qədər vuruşmaq niyyətində olduğu da
görünürdü. Sadəcə onun telefonda ailəmə bu
sözləri dediyini xatırmayıram:

“ Siz bunu necə deyə bilərsiniz? O sizin qızınızdır,
neçə ildir onu tanıyırsız, amma bu dediyiniz şeyləri
etməyəcəyini isə hələ də öyrənə bilməmisiniz. Eybi
yoxdur, mən onu 3 ildir tanıyıram, lakin onun bu
dediklərinizi etməyəcəyini yaxşı bilirəm.....Necə,
insanlar dəyişir? Haqlısınız, amma əsil insanlar bir
balaca çətinə düşəndə şəxsiyyətlərini itirmirlər..
Yəni sizin kimi, sağ olun, bir də səsinizi eşitməmək
arzusu ilə... Eybi yox, Dəniz mən özüm səni
tapacağam..”

Hr, hi, hi... ola bilməz. Axı mən bu insanların
hamısına nə etmişəm? Nə etmişəm? Mən onlara
yox əsas özümə nə etmişəm, Dəniz? O an ya hər
şeyin bitdiyi, ya da başladığı an idi. Amma bunu
zaman göstərəcəkdi. Bir az sonra Günəş əsəbi
addımlarla, həm də çox sürətli bir şəkildə gəlib
mənim yanımdan keçdi və mən yalnız onda ordan
nə qədər tez çıxsam o qədər yaxşı olacağının
fərqinə vardım. Universitetin həyətindən çıxışa
doğru irəliləməyə başladım. Yenə də insanların
üzləri gözlərimin önündən sözün həqiqi mənasında
bir film kimi keçirdi. Amma mən də keçirdim. Hara
getdiyimi, niyə getdiyimi bilmədən sadəcə
keçirdim. Keçirdim keçməsinə də bu yol bitmək
bilmirdi. Hər şey boş və mənasız idi. Bəs yaxşı hər
şey bu qədər boş idisə onda nəyə görə var idi?
Sadəcə dünya boş qalmasın deyəmi? Dünya nə idi?
Bu mənasızlıqlarla dolu bir yermi? Əslində elə mən
də kifəyət qədər mənasızam, onda nəyə görə
varam? Onlar bu mənasızlıqları görmürlər deyə
hələ də varlar, bəs mən??..... Yox, ölməliyəm. Bir
dəqiqə. Ölmək üçün əvvəlcə ölən insanın yaşaması
lazım deyil, mən ki, yaşamıram. Amma nə fərqi var,
bir halda ki, vəziyyət belədir... yox heç nə

bilmirəm. Sadəcə içimdəki bu hisssizlikdən bir an
öncə qurtulmaq istəyirəm və bu ancaq ölsəm
mümkündür. Deməli, ölməliyəm... özümlə baş
tutan bu söhbətimdən sonra, doğrusu görünməz
olmağa başladığım andan tez-tez özümlə söhbət
edirdim ki, bu görülməmiş bir hal idi, içimdəki
hissizliklə birgə bir neçə dəqiqə sonra küçədə idim.
Yenə də tamami ilə qeyri-iradi olaraq avtobus
dayanacağına gedib oradakı oturacağa əyləşdim.
Ayaq üstə gəzinən bir bəy xaricində heç kim yox idi.
Orada nə olduğunu dəqiqliklə xatırlamıram, amma
o bəyə zəng gəldiyini və onun da zəng edən adamla
danışdıqdan, daha doğrusu ona saysız-hesabsız
komplimentlər yağdırdıqdan sonra telefonu
sondürüb telefonda danışdığı adam haqqında bu
sözləri dediyini:
“ Düşükl”

Və mənim səbəbini bilmədən oradan durub
getdiyimi xatırlayıram. İş burasındadır ki,
dayanacaqdan ayrıldıqdan sonra yavaş-yavaş
səbəbini anlamağa başlayırdım. Bilmirdim, yəni ən
azından o an sadəcə keşkə anlamasaydım dediyimi
sonra isə artıq bunun da elə bir əhəmiyyət kəsb

etmədiyini düşündüyümü xatırlayıram. Hara
getdiyimi və nəyə görə getdiyimi isə yenə də
qətiyyən bilmirdim. Açığı bəlkə də bilirdim, sadəcə
bunu özümə deməyə qorxurdum. Dayanacaqdan
təxminən 15 metr bir məsəfədə böyük bir otel var
idi. Var idi deyəndə ki, həmişə olub. Amma bu dəfə
özümün də bilmədiyim bir məqsəd məni ora
girməyə vadar edirdi. Dediyim kimi, bəlkə də
bilirdim. Gedirdim. Gedə-gedə yenə insanları
görürdüm, onlar məni görmürdülər. Çünki gözə
görünməz idim. Bir anlığa beynimin içində bir sual
yarandı:

“Görəsən, bu hadisə olmamışdan öncə onlar məni
görürdü, yoxsa sadəcə mən gördüklərini zənn
etmişdim?”

Amma bir şey var ki , ən çətin vəziyyətdə belə, yəni
bütün hisslərimi itirdiyim vaxtlardan danışıram,
yumor hissimi itirməmiş olacam ki, öz-özlüyümdə
bunları fikirləşdim:

“Shakespeare bu yerdə yaxşı deyib: To be, or not to
You have read 1 text from Azerbaijani literature.
Next - Mənim Bir Arzum Var - 3
  • Parts
  • Mənim Bir Arzum Var - 1
    Total number of words is 4137
    Total number of unique words is 1714
    24.9 of words are in the 2000 most common words
    35.8 of words are in the 5000 most common words
    40.8 of words are in the 8000 most common words
    Each bar represents the percentage of words per 1000 most common words.
  • Mənim Bir Arzum Var - 2
    Total number of words is 3918
    Total number of unique words is 1714
    24.2 of words are in the 2000 most common words
    33.6 of words are in the 5000 most common words
    38.7 of words are in the 8000 most common words
    Each bar represents the percentage of words per 1000 most common words.
  • Mənim Bir Arzum Var - 3
    Total number of words is 1638
    Total number of unique words is 843
    31.4 of words are in the 2000 most common words
    39.8 of words are in the 5000 most common words
    44.5 of words are in the 8000 most common words
    Each bar represents the percentage of words per 1000 most common words.